PƏRDƏARXASI | “Mən müharibəyə minnətdəram” - FOTOSESSİYA

PƏRDƏARXASI | “Mən müharibəyə minnətdəram” - FOTOSESSİYA
  24 May 2013    Oxunub:2425
- Lənət şeytana, mən burda olmayanda nə işlə məşğul olmusunuz ?
- Çalışmışıq ki, sağ qalaq...
Azərbaycan tamaşaçısı Lars Noren və onun “Müharibə”si ilə aprelin 13-də Gənc Tamaşaçılar səhnəsində teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda nümayiş olunan eyniadlı tamaşa sayəsində tanış oldu. Elə adından da göründüyü kimi tamaşa bütün zamanların və insanların ən aktual mövzusu olan müharibədən bəhs etdiyindən mayın 18-də baş tutan tamaşanı izləmək arzusu qaçılmaz oldu. Bir gün öncə reallaşan son məşq, tamaşa öncəsi son hazırlıqlar tamaşaya köklənməyimizə xeyli yardımçı oldu...

Kəmalə Hüseynova və Roza İbadova müharibədə qadın olmağın bütün yükünü əlləri ilə hördükləri o nazik hörüklə daşıyırlar...

Qadın və müharibə cəbhəsinin bir üzü də var və o üz Nigar Bahadurqızının qara parik və qırmızı dodaq boyasında gizlidir...

Güzgüdəki əksi ilə müharibədən öncə də “kor” olan ATA ilə danışan, dəhlizdə qara, meşin paltosu ilə dolaşan Qurban İsmayılovun artıq gördüyünə inanmaq çətindir...

Dəri gödəkcəsi və qara çəkmələrini geyinib, saçını dörd daraqla hamarlayan Rasim Cəfər elə İven qədər soyyuqqanlıdır...

“Qoy yataq, müharibədən əvvəlkilər yuxumuza girsin...”

İsveç dramaturqu, özü İkinci Dünya savaşının sonlarında - 1944-cü ildə Stokholmda anadan olan Lars Nurenin “Müharibə” pyesində hadisələr sevinməyin belə çətin olduğu bir zamanda gedən hansısa müharibə və bu müharibənin zərrə-zərrə məhv etdiyi beş nəfərlik ailə ətrafında cərəyan edir.

Onsuz da məkandan və zamandan asılı olmayaraq müharibələrin yalnız bir missiyası var – insan olduğunu unutdurmaq...

Müharibə tapdığın müdəddəs kitabların səhifələrini cırıb popiros düzəltdirir, hər gün gördüyün, danışdığın insanların qəbrini qazdırır, illərlə qonşu olduğun evin qadınlarını zorlatdırır, ataya ata, anaya ana olduğunu unutdurur...

“Bizim burda heç bir günahımız yoxdur...Bütün günahlar müharibənindir...”

Bəhram Osmanovun “Müharibə”sində hadisələrin başlanğıcı olmadığı kimi, sonu da yoxdur... Tamaşa – həyatın inikasıdır, həyatsa bir yerdə dayanmır, başqalarının həyatına soxulur, dağıdır və davam edir... Sən həyatdan başqa sonluq gözləyirsən, tələb edirsən o isə sənə tamamilə fərqli sonluq təqdim edir...

Bəhram Osmanovun “Müharibə”sində heç bir qəhrəman sənin qəhrəmanına çevrilə bilmir... Hamı bu və ya digər dərəcədə ikrah hissi oyadır, qəzəb doğurur, qınanılır... Çünki müharibə yaratmaq üçün deyil, dağıtmaq üçün var...

“O şeyi yamayıram ki, onu yamamaq mümkündür...”

İki il sonra üst-başından aclıq iyi gələn ata qəflətən, onu heç kəsin gözləmədiyi və arzulamadığı evinə qayıdır... Ata müharibənin şikəst etdiyi minlərlə insandan biridir, onun gözləri kordur. Ailəsi – həyat yoldaşı və iki qızı isə mənəvi cəhətdən müharibənin əlilləridir...

Ana (Kəmalə Hüseynova) dolanışıq və bir tikə çörək naminə hər gecə fahişəlik edən böyük qızının (Nigar Bahadurqızı) hardan gəldiyinə göz yumur, on bir yaşlı qızının (Roza İbadova) “Mən böyük qız olmaq istəmirəm... Mən hələ uşağam, ana, eşidirsən, uşaq” çağırışlarına məhəl qoymur...

Nə vaxtsa dövranının gələcəyinə inanan Ata ( Qurban İsmayılov) müharibədə, tırtıllı traktor zavodunda həyat mübarizəsi aparan zaman onun arvadı ilə yaşayan sonbeşik qardaşı İveni (Rasim Cəfər) ölü bilir. İvenin ölümündən məmnun görünən böyük qardaş onunla bir masa arxasında oturub yemək yeyir, arvadı onun şalvarını yamayır, o isə sadəcə “Burda kim var ?” deməklə kifayətlənir...

Böyük qız İvenlə Almaniyaya qaçmaq istəyəndə, balaca bacının arxasınca gələn əmi onun kitabını götürmək üçün evə girir, qardaşı İvenin sağ olduğunu öyrənir ancaq illərdir qaranlıqda yaşamağa alışan ailə artıq işığı görmək istəmir... İki illik müharibə ancaq əslində bir ömürdür davam edən işgəncələrdən bezən ata evinə “dincəlmək” üçün gəlib, ata onsuz da qaranlıq gördüyü həyatı daha da qaranlıq etmək istəmir...

Savaşlar bizi nifrət etdiyimiz insanlarla belə yaşamağa məcbur edir...Çünki savaşların fonunda kiminlə yaşamağımızdan asılı olmayaraq Ya-Şa-Maq böyük nemətdir... Onlar da sadəcə tabloda olduğu kimi ağlaya-ağlaya, iyrənə-iyrənə və aldana-aldana yaşamaq istəyir...

Tamaşa bitir... Gurultulu alqışların fonunda gözlərin önündən Qurban İsmayılovun işıq lampası altında titrəyən əlləri, qulağından Kəmalə Hüseynovanın “Marko və oğlanları...Onlar məni məcbur etdilər ki, iki saat bu işgəncəyə tamaşa edim” monoloqu və müharibənin, məhz müharibənin zorladığı bacıların o dərinlərdən gələn səsi getmir...

Meşədə, bir talada,
Əsgər zorladı qızı...
Tala qan içində idi,
Çünki qız bakirə idi...

Post. Skriptum: Bu tamaşa səni hər gün “ata qızını zorladı” başlıqlı xəbərləri acgözlüklə oxuyan, kriminal buraxılışları maraqla izləyənə Azərbaycan tamaşaçısının incəsənətə münasibətdə nə qədər mühafizəkar olduğunu göstərir. Müharibə və “zorlanmaq” tarixi sadəcə 20 il olan azərbaycanlılar, səhnədə bir-birinin ardınca yeddi dəfə səslənən zorlanmaq kəliməsindən qorxur və sürətlə zalı tərk edir...

Yazdı : Leyla Əliyeva

Fotolar : Selcan Qurbanova
Elnur Muxtar

Qalereya




Teqlər:  





Xəbər lenti